Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

ANA SƏHİFƏ > HAQQIMIZDA> ƏSASNAMƏ

Akkreditasiya və Nostrifikasiya İdarəsinin yaradılması barədə

“Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.11.2015-ci il tarixli 11/4-55 nömrəli tapşırığın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27.07.2015-ci il tarixli 05/03-367-4613 nömrəli razılıq məktubunu nəzərə alaraq, təhsil müəssisələrinin akkreditasiyası və xarici təhsil sənədlərinin tanınmasının və ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) işinin səmərəli təşkili və bu işdə operativliyin artırılması məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əasasnamə”nin 13.5-ci maddəsinin rəhbər tutaraq

əmr edirəm:

  1. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılsın.
  2. Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitunun vakant ştatlarının sayının 58 vahid azaldılması hesabına Akkreditasiya və Nostrifikasiya İdarəsinin işçilərinin say həddi 32 ştat vahidi müəyyən edilsin.
  3. Hüquqi eksperiza və lisenziyalaşdırma şöbəsi (S.Kazımov) yeni idarənin əsasnaməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edilməsi barədə təklifin hazırlanmasını təmin etsin.
  4. İqtisadiyyat şöbəsinə (R.Orucov) tapşırılsın:
    1. İdarənin strukturunun, ştat cədvəlinin və xərclər smetasının layihələrinin hazırlanmasını, eləcə də idarənin maliyyə-təsərüffat fəaliyyətinin təmin olunması məqsədilə müvafiq xəzinədarlıq orqanında xəzinə hesabı kitabının açılması ilə bağlı tədbirlərin görulməsini təmin etsin.
    2. İdarənin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.
    3. Əsaslı Tikinti və Təhcizat (A.Axundov) və Təhsil Sisteminin İnformasiyalaşdırılması idarənin (S. Məmmədov) ilə birlikdə Akkreditasiya və Nostrifikasiya İdarəsinin fəaliyyətinin Təşkil edilməsi üçün yerləşdirmə, zəruri maddi-texniki təhcizat və informasiya-kommunikasiya məsələlərinin həllinin təmin etsin.
  5. İnsan resursları şöbəsi (F.Qədirov) mövcud qaydada müvafiq kadr təminatı məsələləri ilə bağlı təklifləri rəhbərliyə təqdim etsin.
  6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılaraq aidiyyəti struktur bölmələrə çatdırılması təmin etsin.
  7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram

 

Əsas: Aparat rəhbəri Mətin Eynullayevin təqdimatı.

Mikayıl Cabbarov

Akkreditasiya və Nostrifikasiya İdarəsinin

Əsasnaməsinin təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2011-ci il tarixli 118 nömrəliqərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.2016-cı il tarixli 129 nömrəli qərarına əsasən Akkreditasiya və Nostrifikasiya İdarəsinin həmin siyahıya daxil edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.12.2015-ci il tarixli 1126 nömrəli əmrinin 3-5-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci və 13.6-cı bəndlərini rəhbər tutaraq

əmr edirəm:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

  1. Akkreditasiya və Nostrifikasiya İdarəsinə (S.Vəliyev) tapşırılsın:
    1. İdarənin uçot məlumatlarında edilmiş dəyişikliklərin Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsində qeydiyyata alınmasını tələb etsin;
    2. Bu əmrdən irəli gələn məsələlərin Əsasnaməyə uyğun olaraq tənzimlənməsini həyata keçirsin;
    3. Əmək qanunvericiliyinə və nomenklaturaya uyğun olaraq idarənin ştat cədvəlinə əsasən kadrlarla komplektləşməsini təmin etsin.
  2. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin

Ə S A S N A M ƏS İ

I. Ümumi müddəalar

 

 1. Akkreditasiya və Nostrifikasiya İdarəsi (bundan sonra – İdarə) tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyasını həyata keçirən, xarici dövlətlərin təhsil haqqında sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlər göstərən idarədir.

2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. İdarə bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, dövlət və yerli özünüidarəetmə orqanları və digər dövlət təhsil nəzarəti orqanları,beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, VÖEN-ə, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. İdarənin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, ödənişli xidmətlərin göstərilməsindən əldə olunan vəsaitlər və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. İdarə Bakı şəhərində yerləşir.

II. İdarənin fəaliyyət istiqamətləri

7. İdarəninfəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirir;

7.2. təhsil proqramlarının akkreditasiyasını həyata keçirir;

7.3. təhsil müəssisələrinə akkreditasiyasının keçirilməsi üçün metodik köməklik göstərir;

7.4. xarici dövlətlərin təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazisində qanuni fəaliyyət göstərən beynəlxalq və xarici təhsil müəssisələrinin (onların filiallarının) ümumi orta, tam orta, ilk peşə-ixtisas, orta ixtisas, ali (bakalavriat və magistratura səviyyələri üzrə) və əlavə təhsil haqqında sənədlərinin tanınmasını və ekvivalentliyin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir;

7.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. İdarənin vəzifələri

 8. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi ilə razılaşdırmaqlamüvafiq il üçün iş planı hazırlayır və təsdiq edir;

8.2. Akkreditasiya Şurasının tərkibinin təsdiq olunması üçün Təhsil Nazirliyinə təkliflər verir;

8.3. hər il növbəti tədris ilində akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin siyahısını təsdiq üçün Təhsil Nazirliyinə təqdim edir;

8.4. akkreditasiyanın keçirilməsinin vaxtı barədə təhsil müəssisələrinə məlumat verir;

8.5. hər bir akkreditasiya olunan təhsil müəssisələri üzrə Akkreditasiya Komissiyasını yaradır;

8.6. Akkreditasiya Komissiyasının tərkibini formalaşdırmaq üçün təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi sahəsində təcrübəsi olan şəxslərdən ibarət ekspert bankını yaradır;

8.7. təhsil müəssisələrinin özünütəhlil barədə hesabatını qəbul edir;

8.8. təhsil müəssisələrinin buraxılış qruplarında (siniflərində) təhsil alanların biliyinin attestasiyasının təşkili üçün zəruri işləri yerinə yetirir;

8.9. Akkreditasiya Komissiyasının yekun arayışının Akkreditasiya Şurasının iclasında müzakirəsini təşkil edir;

8.10. akkreditasiyanın nəticələri üzrə təhsil müəssisəsinin statusunun müəyyənləşdirilməsi barədə təhsil nazirinə təkliflər verir;

8.11. akkreditasiyanın nəticələrinə görə təhsil müəssisəsinin qəbul planına dair təhsil nazirinə təkliflər verir;­­­

8.12. akkreditasiyadan keçmiş təhsil müəssisəsinə sertifikat verir;

8.13. təkrar akkreditasiyadan keçməyən təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması üçün təhsil naziri qarşısında vəsatət qaldırır;

8.14. təhsil haqqında sənədlərin tanınması barədə müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxır;

8.15. təhsil haqqında sənədlərin tanınmasından imtina üçün əsaslar olmadıqda tanınma haqqında qərar qəbul edir və tanınma haqqında Şəhadətnamə verilməsi üçün Nazirliyə müraciət edir;

8.16. təhsil haqqında sənədin tanınmasından imtina olunduğu halda ərizəçiyə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı cavab verir;

8.17. təhsil haqqında sənədlərin nostrifikasiyası ilə əlaqədar ekspert komissiyalarının yaradılması üçün Təhsil Nazirliyinə təkliflər verir və onların fəaliyyətini təmin edir;

8.18. ekspertizanın nəticəsi müsbət olduqda və təhsil haqqında sənədin sahibi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən sınaq yoxlamasında müvəffəqiyyət qazandıqda sənədin nostrifikasiyası haqqında qərar qəbul edir və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi üçün Nazirliyə müraciət edir;

8.19. ekspertizanın nəticəsinə əsasən təhsil haqqında sənədin nostrifikasiyasından imtina olunduğu halda ərizəçiyə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı cavab verir;

8.20. vətəndaşların qəbulunu təşkil edir, onların şifahi və yazılı müraciətlərində göstərilənləri müvafiq qaydada araşdıraraq qərar qəbul edir və qəbul edilmiş qərar barədə vətəndaşa cavab verir;

8.21. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür və müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər təqdim edir;

8.22. öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin digər struktur bölmələri ilə əlaqələndirir;

8.23. mövcud qanunvericiliyə uyğun olaraq İdarənin fəaliyyəti prosesində yaranan arxiv sənədlərinin komplektləşdirilməsi, saxlanılması və uçotunun aparılmasını təmin edir;

8.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

IV. İdarənin hüquqları

 9. İdarəöz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. səlahiyyətlərinə aid edilmiş məsələləri həll edir, akkreditasiya və nostrifikasiya prosesi ilə bağlı təhsil müəssisələrindən zəruri sənədləri, arayışları və s. məlumatları tələb edir;

9.2. təhsil müəssisələrinin rəhbərlərindən Akkreditasiya Komissiyasının normal fəaliyyəti üçün şərait yaradılmasını tələb edir;

9.3. əhali arasında maarifləndirmə işi aparır;

9.4. qanunvericiliklə müəyyən olunmuş qaydada xarici və yerli mütəxəssiləri, ekspertləri, məsləhətçiləri öz fəaliyyətinə cəlb edir;

9.5. səlahiyyətlərinə aid olan məsələlər üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə seminarlar, treyninqlər və müşavirələr keçirir;

9.6. tanınma və nostrifikasiya ilə əlaqədar müraciətlərin qəbulunu, araşdırılmasını və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmasını təmin edir;

9.7. təhsil haqqında sənədlərin ekvivalentliyinin ekspertizasının aparılması üçünsənədləri ekspert komissiyalarına təqdim edir;

9.8. tanınma və nostrifikasiya ilə əlaqədar göndərilən sorğuların vaxtında icra olunmasını təşkil edir;

9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.

V. İdarənin fəaliyyətinin təşkili

 10. İdarəyə Azərbaycan Respublikasınin təhsil naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis İdarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. İdarə rəisinin müavini və şöbə müdirləri İdarə rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin olunur və ya vəzifəsindənazad edilir.

13. İdarənin rəisi:

13.1. İdarəninfəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində İdarənin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

13.3. İdarənin rəis müavinivə şöbə müdirləri istisna olmaqla, İdarənin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4.İdarənin rəisi məzuniyyətdə, ezamiyyətdə və digər səbəblərdən iş yerində olmadıqda onun səlahiyyələrini İdarə rəisinin müavini yerinə yetirir.

13.5. İdarənin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.6. İdarənin işçiləri tərəfindən aparılan nəzarət tədbirlərinə müvafiq qaydada nəzarət edir;

13.7. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.8. tabeliyində olan əməkdaşlara səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;

13.9. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə İdarəni vəkalətnaməsiz təmsil edir;

13.10. İdarənin fəaliyyəti barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin

Əsasnaməsinə əlavələrin edilməsi haqqında

Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması, xarici ölkələrin müvafiq qurumlarından daxil olan sorğuların cavablandırılması işinin səmərəli təşkili, prosedurların asanlaşdırılması və bu işdə operativliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nı və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci və 13.6-cı bəndlərini rəhbər tutaraq

əmr edirəm:

  1. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunsun.
  2. Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə aşağıdakı məzmunda yeni bəndlər əlavə edilsin:
    • “7.5. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuş Milli Məlumat Mərkəzi funksiyalarını həyata keçirir;

    • 8.24. təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirir;

    • 8.25. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya qoşulmuş ölkələrin aidiyyəti qurumlarına Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil sistemi barədə məlumatların verilməsini təmin edir.”

  3. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.
  4. Əmrin icrasına nəzarət Nazir müavininə (M. Eynullayev) həvalə edilsin.

Mikayıl Cabbarov