Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Akkreditasiya komissiyaları üzvləri üçün təlim təşkil olunub 01.12.2017

    1 dekabr 2017-ci il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018 tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının üzvləri üçün təlim keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis səlahiyyətlərini icra edən Samir Vəliyev tədbir iştirakçılarına İdarənin fəaliyyəti barədə geniş məlumat vermişdir. Natiq həmçinin çıxışında İdarənin təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq “Ali təhsilin keyfiyyət təminatı üzrə Avropa standart və təlimatları” sənədinə əsasən akkreditasiya qaydalarının təkmilləşdirilməsi işini başa çatdırdığını və sənədin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edildiyini qeyd etdi. Daha sonra çıxış üçün söz İdarənin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədova verildi. T.Əhmədov da öz növbəsində akkreditasiya prosesinin təkmilləşdirilməsində bu kimi görüş və təlimlərin zəruriliyini vurğulamaqla şöbənin son dövrdəki fəaliyyəti haqqında ətraflı məlumat verdi.

    Daha sonra tədbir təlim formatında davam etdirilmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi prosesində diqqət yetirilməli olan məqamlar barədə təqdimatla çıxış etmiş, akkreditasiya komissiyalarının üzvlərinə praktik tövsiyələr vermişlər. Görüşdə akkreditasiya prosesində formal göstəricilərdən daha çox təlim nəticələrinə, öyrənmə mühitinin təkmilləşdirilməsinə və tələbə mərkəzli tədrisin təşkili məsələlərinə daha çox diqqət yetirməyin zəruriliyi vurğulanmışdır. Həmçinin akkreditasiya komissiyalarının üzvləri akkreditasiya prosesində qarşıya çıxan bir sıra məqamlarla bağlı öz suallarını ünvanlamış və bu məsələlərə birlikdə aydınlıq gətirilmişdir.

    Akkreditasiya və Nostrifikasiya İdarəsi akkreditasiya prosesinin keyfiyyətinin artırılması üçün həm ali təhsil müəssisələrinin əməkdaşları, həm də də akkreditasiya komissiyaları üzvləri üçün bu kimi tədbirlərin keçirilməsini davam etdirəcək.

1 / 14