Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisindən. 06.10.2017

 

 

   Xəbər verildiyi kimi 6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılış mərasimi keçirilib.

 

   Əvvəlki illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib. Sərgi çərçivəsində “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”“Sağlam təhsil  ̶  sağlam millət”“Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilib.

 

   Təşkil olunan Sərgidə həmçinin ölkəmizin 17 ali təhsil müəssisəsinin stendləri də yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.

 

   Sərgi çərçivəsində medya nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin yeni yaradılan www.ani.edu.gov.az saytının təqdimatı keçirilib. Təqdimat zamanı çıxış edən İdarənin İnformasiya şöbəsinin müdiri Qabil Qafarov saytın geniş imkanlarından danışaraq onun müasir informasiya cəmiyyətinin inkişafına xidmət edən bir layihə olduğunu diqqətə çatdırdı. Çıxışçı www.ani.edu.gov.az saytının informasiya xidmətləri göstərən bir portal olması ilə yanaşı İdarənin Nostrifikasiya xidməti üzrə xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiya) müəyyən olunması üçün müraciətçilərin sənəd qəbulu üçün də xidmət göstərəcəyini bildirdi.

 

   www.ani.edu.gov.az saytının fərqli xüsusiyyətlərindən danışan çıxışçı yaxın günlərdə İdarə saytının “elektron qəbul” bölməsinin fəaliyyətə başlayacağını və istənilən şəxsin həmin bölmədən istifadə etməklə ünvana gəlmədən sayt vasitəsi ilə İdarə rəhbərinin qəbuluna yazıla bilmək imkanının yaradılacağını bildirdi.

 

   Təqdimatdan sonra bir qrup gəncin iştirakı ilə xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiya) müəyyən olunması mövzusunda dəyirmi masa təşkil olundu.

 

   Sonda tədbir sual-cavab formatında davam etdirildi.

 

 

 

 

1 / 14