Beynəlxalq Könüllülər Forumunda Azərbaycan da təmsil olunur 04.12.2018

Rusiyanın Moskva şəhərində “Könüllülər ili” elan olunması ilə əlaqədar Beynəlxalq Könüllülər Forumu keçirilir. Foruma 100-dən çox ölkədən 15000-ə yaxın könüllü qoşulub.

Forum müddətində iştirakçılar “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülüklə məşğul olmaq, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllü mərkəzlərini ziyarət etmək imkanı əldə ediblər. Həmçinin iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirə və seminarlara qatılıblar.

Forumda Azərbaycanı təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndəsi Ağa Səlimov da var. Ağa Səlimov ötən il keçirilən Azərbaycan Tələbə-Könüllülərinin üçüncü forumunda “ən fəal könüllü koordinatoru” seçilib, 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib.

 Forum dekabrın 5-dək davam edəcək.

 “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 19000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının  səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

1 / 14