“Gənc partizan Mixaylo” adlı hərbi vətənpərvərlik oyunu keçirilib 24.12.2018

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə İdman Federasiyasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “Gənc partizan Mixaylo” adlı hərbi vətənpərvərlik oyunu keçirilib.

Yarışın keçirilməsində məqsəd əfsanəvi azərbaycanlı partizan və kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı, rəssam Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması, məktəblilərin sağlamlığının, zehni inkişafının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, idman bacarıqlarının artırılmasıdır.

Tədbir Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamının icrası məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilib.

Yarışdan əvvəl səmti müəyyənetmə üzrə Azərbaycan çempionu Süleyman Əliyev, taekvondo üzrə 3 qat Avropa çempionu Səbuhi İsmayılov, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə Mehdi Hüseynzadənin həyat və fəaliyyəti, vətənə xidməti və qəhrəmanlığı haqqında çıxış ediblər.

Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində keçirilən hərbi vətənpərvərlik oyununda 150 məktəbli fərdi və komanda şəklində uzun və orta məsafə üzrə mübarizəyə qoşulub.

Oyun üçün parkda axtarış nöqtələri ilə xüsusi xəritə hazırlanıb və elektron qeydlər aparılıb. Bu nöqtələrdə gənc rəssamlar molbert arxasında rəsm əsərlərini çəkərək Mehdi Hüseynzadənin son məktubunun hissələrini uşaqlara paylayıblar.

Yarışın sonunda I, II, III yerlər üzrə qalib gələn məktəblilərə medal və diplomlar təqdim edilib, xatirə şəkili çəkilib.

1 / 14