Respublika çempionatının növbəti zona yarışları keçirilib 25.12.2018

Məktəblər arasında respublika çempionatının proqramına əsasən, qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Göyçay Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli, II yeri Ağdaş rayon Yuxarı Nemətabad kənd, III yeri Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəblərin komandaları tutub.

Daha bir zona yarışı basketbol idman növü üzrə Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Şirvan şəhər 9 nömrəli tam orta məktəbin, II yeri Sabirabad rayon 2 nömrəli Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyin, III yeri Beyləqan rayon Bahar kənd tam orta məktəbin komandaları tutub.

Çempionatın əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.

Qaliblərə diplomlar təqdim olunub.

Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

1 / 14