İstedadlı şagirdlərin istedadlı müəllimləri 11.01.2019

Olimpiada hərəkatına pedaqoqlar da böyük maraqla qoşulur

 

Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib.

Xatırladaq ki, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsidir. Bu yolla həmin şagirdlərlə işləyəcək pedaqoji kollektiv müəyyənləşdiriləcək. Müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla  pedaqoji və akademik bacarıqlarının inkişafı təmin ediləcək.

 

Müəllimliyə ucqar kənddən başladı

 

Bu imtahanlarda fizika müəllimləri xüsusi fəallıq nümayiş etdirib. Belə ki, imtahanlarda ən yüksək balı məhz onlar toplayıb.

Sevda Əsgərli hazırda Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin müəllimidir. Müəllimlik fəaliyyətinə doğulduğu Neftçala rayonunun ən ucqar kəndindən başlayıb. Məktəbi də, Bakı Dövlət Universitetinin fizika fakültəsini də əla qiymətlərlə başa vurub. Müəllim olmaq istəyib.

Onu bu istəyindən nə cəlbedici təyinat yeri, nə də təklif edilən vəzifələr yayındırıb: “Universiteti bitirən kimi, müəllim olmaq üçün kəndimizə qayıtdım. Ancaq kənd məktəbində boş yer olmadığından bizdən kilometrlərlə uzaq Xıllı qəsəbəsində işə başladım”.

Sevda Əsgərli elə ilk gündən yüksək enerji, böyük maraq, tükənməz həvəs və sonsuz müəllimlik eşqiylə hələ kim olacağına qərar verməmiş şagirdlərinə sarılıb. Fizikanı sadəcə tədris etməyib, sevdirib. Müəllimliyi sevən və sevdirən nə çox müəllim var ölkədə, elə deyilmi? Sevda Əsgərli müəllimliyi sevdiyi qədər olimpiadalara da maraq göstərib. Onu fərqləndirən də məhz bu keyfiyyəti olub. Şagirdləri olimpiadadan olimpiadaya, qələbədən qələbəyə gedib: “Olimpiadaya marağım hər zaman olub. 1983-cü ildən, düz 35 ildən artıqdır ki, müəllim işləyirəm. Vəzifələrə getmək imkanım olduğu halda, bunu etməmişəm. Hər zaman müəllim olaraq qalmaq istədim və qaldım. İnanın ki, yenidən doğulsam, yenə müəllim olaram”.

 

Harada istedadlı uşaq görsəm...

 

Sevda müəllimin olimpiadaya həvəsi özü orta məktəb təhsili aldığı illərdən başlayıb: “X sinifdə olimpiadaya qatılsam da, yer tuta bilməmişdim. Bu da ürəyimdə qalmışdı. Odur ki, mən də işə başladığım ilk gündən istedadlı uşaqları yarızor-yarıxoş başıma yığmağa başladım. Olimpiada elə bir yerdir ki, uşağın istedadı olmasa, onu hazırlaşdırmaq mümkün olmur. Ona görə də harada istedadlı uşaq görsəm, cəlb edirəm. Hər uşaqla da oturmaq olmur. Gərək müəllimin güclü həvəsi, marağı ola. Ötən il bir uşaq diqqətimi cəlb etdi. Onunla məşğul olmağı təklif elədim, razılaşmadı. Razı salmaq üçün nə qədər yalvardım. Təsəvvür edirsiniz, mən ona yalvardım. Axır birtəhər hazırlaşmağa razı sala bildim. Məşğul olmağa başladıq. IX siniflər üzrə respublika fənn olimpiadasında gümüş medal qazandı. Hər gün 3 saat həmin uşaqla təmənnasız məşğul oldum və təəssüflənmədim”.

Sevda Əsgərli müəllim olaraq çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Həm məktəbdə dərs deyir, həm repetitorluq edir, həm də olimpiadalara hazırlaşdırır: “Amma bu hazırlıqlar mənim üçün fərqlidir. Olimpiadalara hazırlıqdan zövq alıram. Abituriyent hazırlığında da yaxşı nəticələrim var. Müəllim olaraq uşaqları bir-birindən seçməmişəm, zəifi hazırlaşdırmaqdan imtina etməmişəm. Hesab edirəm ki, yaxşı müəllim məhz uşaqları seçməyən, ən aşağı səviyyədən başlayıb yuxarı səviyyəyə qədər gətirən müəllimdir”.

 

Şagirdim məndən daha yüksək nəticə göstərsəydi...

 

Daha bir maraqlı məqam. Sevda Əsgərli “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinə şagirdi ilə birgə qatılıb. Kiçik fərqlə ondan geri qalan şagirdi Sevda Əsgərlinin müəllimliyə başladığı ilk illərdə fizikaya istiqamətləndirdiyi uşaqlardan biridir: “Həmin şagirdim Neftçalanın Xıllı qəsəbə məktəbinin müəllimi Seyran Səfərovdur. İndi o da “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində yüksək nəticə göstərən müəllimlərdəndir. O vaxt Seyran həkim olmaq istəyirdi, mən qoymadım. Fizika müəllimi oldu. Onu olimpiadalara cəlb etdim. Seyran olimpiadaya qatılanda VIII sinifdə oxuyurdu. Ancaq IX sinifdə oxuyan uşaqlar arasında yer tutdu. Mənim fikrimcə, şagirdim bu imtahanda məndən yüksək bal toplamalıydı. Hər halda həmin gün xəstə olduğu üçün belə bir nəticə göstərdi. Yetirməm məndən daha yüksək nəticə göstərsəydi, müəllim olaraq özümlə daha çox qürur duyardım”.

 

Olimpiadaya hazırlıq ürzə vəsait yoxdur

 

Olimpiadaya hazırlıq sahəsində uzun illər təcrübəsi olan bir müəllimin ən böyük çətinliyi nə ola bilər? 35 ildir müəllim işləyən Sevda Əsgərli hesab edir ki, bu sahədə ən böyük problem vəsait çatışmazlığıdır: “Uşaqları olimpiadaya hazırlamaq üçün dilimizdə ədəbiyyat tapmıram. Mövcud olanlar da müasir tələblərə cavab vermir. Odur ki, ordan-burdan, rus, türk və başqa dillərdə olan materiallardan istifadə edirəm”.

Maraqlıdır, bəs, müxtəlif dillərdə olan həmin mənbələrdən istifadə etmək müəllim üçün çətinlik yaratmırmı?

İndiyədək tərcüməçi xidmətindən istifadə edən Sevda müəllim özü fransızca öyrənməyə qərar verib: “Dərs vəsaiti, istifadə ediləcək ədəbiyyat ehtiyacını ödəmək üçün kitab hazırladım.  İkinci layihəm də qrant müsabiqəsində qalib oldu. Həmin vəsaitlə olimpiadaya aid kitab hazırladım. Fizikanın mexanika bölməsi üzrə olimpiadaya hazırlığa aid bu kitabdan sonra  fizikanın digər bölmələri ilə bağlı da vəsait hazırlamağı planlaşdırıram”.

 

Vəsait çatışmazlığında çıxış yolu: “Fransız dilini öyrənəcəyəm”

 

Amma vəsait hazırlamaq elə asan məsələ deyil. Bunun üçün 35 illik təcrübə kifayət etmir. Müasir tələbləri öyrənmək, yeni şərtləri ödəmək, dəyişikliklərdən vaxtında xəbərdar olmaq üçün internetdən istifadə etmək, beynəlxalq mənbələri araşdırmaq lazımdır: “Hazırladığım vəsaitin üzərində işləyərkən ingiliscə, fransızca olan materiallarla da tanış oldum. Başqa dillərdə çoxlu kitablar var. Hazırlamağı düşündüyüm vəsaitlər üzərində işləyərkən həmin kitablardan istifadə etməyi düşünürəm. Bunun üçün də qərar vermişəm ki, fransız dilini öyrənim. Orta məktəbdə fransız dili keçmişəm. İllər keçib, artıq dili unutmuşam. Bu yaşda bu həvəsə düşdüyümə görə mənə gülürlər. Ancaq başqa çarəm yoxdur. Heç olmasa, bir xarici dili səlist öyrənməliyəm. Artıq bu istiqamətdə ilk addımı da atdım. Fransız dili imtahanından çıxmışam. Yəqin bu imtahanın nəticələrinə görə axırdan birinci olacağam”.

 

Olimpiada hazırlığında elə bir iş görmək istəyirəm ki...

 

İndiyədək öz üzərində çalışıb ki, olimpiadalarda ən yaxşılar məhz onun şagirdləri olsun. Amma bundan sonra Sevda müəllimin amalı dəyişəcək. O, sadəcə, öz şagirdinin deyil, Azərbaycan məktəblisinin qələbəsinə xidmət edəcək fəaliyyətə də qoşulacaq: “Olimpiada elə bir yerdir ki, orada əsas şərt yüksək hazırlıqdır. Bu məqsədlə həyata keçirmək istədiyim bəzi planlarım var. İstəyirəm, olimpiada hazırlığının təşkilində elə bir iş görüm ki, məndən sonrakılar da yararlansın. VI sinifdən başlayaraq hazırlığı təşkil etməyin incəliklərini yazmaq istəyirəm. Hardan başlayıb harda qurtarmaq, hazırlığa hansı uşaqları cəlb etmək, hansı uşağı hara yönləndirmək, materiallardan necə istifadə etmək, bir sözlə, bir şagirdi olimpiadaya necə hazırlaşdırmağın qaydasını hazırlamaq, bununla bağlı elmi iş yazmaq istəyirəm. Bunun üçün aspirantura təhsili almağı planlaşdırıram. Ancaq bu istiqamətdə də ixtisas yoxdur. Odur ki, planımı həyata keçirməyin yolunu axtarıram”.

 

Müsabiqədə bu qədər müəllimin iştirakı özü bir qələbədir

 

Müsabiqə yekunlaşdı. Ancaq imtahanların nəticələrinin əks-sədası hələ davam edir. Sevda müəllim deyir ki, hər bir müəllim həmin imtahanlarda uğur qazana bilərdi:

“Müəllimlər üçün təşkil edilən imtahanın sualları respublika fənn olimpiadalarının final mərhələsində istifadə edilən suallara bənzəyirdi. Əslində, bu imtahanda 100 faiz nəticə göstərə bilərdim. Sualın birində köçürmə vaxtı səhvə yol verdiyim üçün mümkün olan ən yüksək nəticəni əldə edə bilmədim. Nəticələrinə baxmayaraq, hesab edirəm ki, o müsabiqədə bu qədər müəllimin iştirakı özü bir qələbədir. Deməli, müəllimlərin bu prosesə qoşulmaq üçün ürəyində təpər var. İmtahan nəticələri zəif olan müəllimlərə kömək etməyə hazıram. Təki müəllimlərin həvəsi olsun. Müəllim aldığı maaşa uyğun işləməyi düşünəcəksə, ondan müəllim olmaz. Heç kim özündə səhv axtarmır. Heç kim demir ki, oturub hazırlaşmağa özündə güc tapmır. Ancaq sevindirici haldır ki, bütün ölkədə olimpiadaya maraq yaranıb. Artıq müəllimlər də ətalətdən çıxaraq fəallaşmağa başlayıb. “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi bütün müəllimlərdə həvəs yaradıb. Getdikcə bu prosesə qoşulanların sayı artacaq”.

Sevda Əsgərli hesab edir ki, imtahanların təşkilində təkmilləşdirməyə ehtiyac var: “Məncə, müsabiqə bir deyil, bir neçə mərhələdə təşkil olunsa, daha məqsədəuyğun olar”.

 

Müəllimi ilə imtahan verdi...

 

Sevda müəllimin şagirdi Seyran Səfərov imtahanda 87 bal toplayaraq ən yüksək nəticə göstərənlərin siyahısına düşüb. Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi elə Xıllı qəsəbəsindəndir. 1993-cü ildən fəaliyyətə başlayıb. Orta məktəb illərində fizika üzrə olimpiadalarda iştirak edib və qalib olub: “1984, 1985 və 1986-cı illərdə respublika fənn olimpiadalarında iştirak etdim. 1985-ci ildə isə qaliblərdən biri oldum”.

Olimpiada qalibi olan Seyran Səfərov 1987-ci ildə məktəbi bitirən kimi Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. Müəllimliyə Abasallı kəndində başlasa da, 1995-ci ildən yaşadığı Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində işləyir. Elə o vaxtdan da olimpiadalara şagird yetişdirməyə başlayıb: “1998-99-cu illərdə bir şagirdim vardı, Ataş Ələkbərov. Onunla olimpiadada iştirak etdik və respublika olimpiadasının qalibi olduq. İndi həmin şagirdim Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimidir. 20 ildir olimpiadalara uşaq hazırlayıram. Şagirdlərim birinci, ikinci, üçüncü yerin sahibi olur. Hətta ali məktəblərə qəbul olunduqdan sonra da olimpiadalara qatılır, beynəlxalq bilik yarışlarında iştirak edir və yer tuturlar. Onlar ali təhsil aldıqları dövrdə də daim əlaqə saxlayır, qatıldıqları olimpiadalara hazırlıqda mənimlə məsləhətləşirlər. Yəni, yetirmələrimlə işimi bakalavr pilləsində də davam etdirirəm. Respublika fənn olimpiadasında həm I, həm də II yeri məhz şagirdlərimin tutduğu illər olub. Həmin uşaqlarım indi Bakı Mühəndislik Universitetində təhsil alırlar. Demək istəyirəm ki, orta məktəbdə bünövrəsi sağlam qoyulan uşaqların uğurları təhsilin növbəti pillələrində də davam edir. Xüsusən, olimpiadalara hazırlaşan uşaqlar uğur qazanmağın yolunu öyrənir və hətta bunu alışqanlığa çevirir. Elə özümdən götürürəm. Orta məktəbdə olimpiada qalibi olmaq mənim həyatımda nə qədər böyük rol oynadı. Bu təcrübə sonradan uşaqlarla hazırlıqda da mənim köməyimə gəldi”.

 

“Qəzalı, şəraitsiz məktəbdə bu cür yüksək nəticələrə nail oluruq”

 

İndi Seyran müəllim hər müəllimi özünə rəqib saymır. Hesab edir ki, çalışdığı məktəbin də rayon məktəbləri arasında rəqibi yoxdur: “Xıllı qəsəbəsində məktəbin 1898-ci ildən təməli qoyulub. Bu qədər böyük tarixə malik belə məktəb ölkədə azdır. Bu da bir həqiqətdir ki, ən savadlı, ağıllı adamların olduğu yerdə məktəb açılır. Xıllı da köklü, oxuyanların, ağıllı insanların çox olduğu yer kimi şöhrət qazanıb. Təsəvvür edin ki, qəzalı, şəraitsiz məktəbdə bu cür yüksək nəticələrə nail oluruq”.

Elə bu şəraitlə əldə etdikləri nəticələrə əsaslanaraq deyir: “Rayon məktəblərini özümüzə rəqib saymıram. Olimpiadalarda, bilik yarışlarında qaliblərdən biri həmişə bizim məktəb olub. Elə bunun nəticəsidir ki, hər zaman olimpiadaya iddialı getmişik. Hesab edirəm ki, müqayisə edəndə, hətta liseylərdən də üstünlüyümüz var. Bir kənd məktəbindən, bir kəndin uşaqlarından neçə istedadlı uşaq tapa və hazırlaşdıra bilərsən ki? Birinin özü oxumaq istəmir, birinin valideyni qoymur. Liseylərdə isə hər yerdən gələnlər olur. Üstəlik, onları oxumağa həvəsləndirmək üçün xüsusi səyə də ehtiyac yoxdur. Biz isə uşaqlarımızı hazırlaşdırmaq üçün az qala dəridən-qabıqdan çıxırıq”.

 

“Bir də onda ayıldım ki, fizika üzrə olimpiadalara qatılıram”

 

Olimpiada qalibləri yetişdirən müəllim öz uğurlarından danışarkən müəllimini xatırlayır. Nə qədər qəribə də olsa, müəlliminin onun həyatını dəyişdirdiyini deyir:  “Müəllim insanın həyatını, taleyini dəyişmək iqtidarındadır. Uşaqlara fənni məhz müəllim sevdirir. Bunun əksini də məhz müəllim edir. Xatırlayıram ki, anam həkim olduğu üçün mən də həkim olacaqdım. Başqa ixtisas barədə düşünmürdüm də. Sevda müəllim məktəbimizə gələndən sonra mənim nəinki fikrimi, bütövlükdə həyatımı dəyişdi. O, fizikanın tədrisinə başlayandan sonra fizikaya vuruldum. O vurulan-bu vurulan, bir də onda ayıldım ki, fizika üzrə olimpiadalara qatılıram. Halbuki 84-85-ci illərdə çox adam heç bilmirdi olimpiada nədir. Bir sözlə, orta məktəb illərində müəllimim məndə fizika ilə bağlı elə bir təsir buraxdı ki, hələ də onun təsirindən çıxa bilmirəm”.

 

Müsabiqə çox şeyi dəyişəcək

 

Seyran Səfərov hesab edir ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi bir çox şeyi dəyişəcək. Ancaq müsabiqə qaydalarında da dəyişiklik olmalıdır: “Bu müsabiqənin adı xüsusilə uğurludur. İstedadlı şagird üçün istedadlı müəllim mütləq lazımdır. Birmənalıdır ki, istedadlı şagirdlə hər müəllim bacara bilmir. Uşaq olanda elə düşünürdüm ki, müəllim hər şeyi bilir. Əslində isə, belə deyilmiş. Özüm də sonradan anladım ki, müəllim də öyrətmə prosesində öyrənir. Bir çox məsələlər var ki, onu şagirdlərimizlə həll edirik. Təbii ki, bunu hər şagirdlə də etmək mümkün deyil. Əsas odur ki, müəllimin öyrətməyə və öyrənməyə həvəsi olsun”.

 

“Azərbaycan müəllimi” qəzeti

1 / 14