Həyatının uğur salnaməsini yazan gənclər 08.02.2019

2019-cu il Gənclər üçün Prezident mükafatçıları

 

Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli sərəncamı  ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında  mükafatların  təqdimolunma mərasimi keçirilib.   Həyatının uğur salnaməsini yazan gəncləri oxucularımıza təqdim edirik.

 

“Mənə olan inamı doğruldacağam”

 

Masər  Həsənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbəsi, SABAH məzunu: - 1991-ci ildə Bakı şəhərində anadan olub.  V sinfə qədər Moskvada  təhsil alıb,  daha sonra  isə  Bakıda Sahil qəsəbəsi 273 nömrəli  tam orta məktəbdə  təhsilini davam etdirib.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH”   qruplarının “Rejissorluq”  ixtisası  üzrə  məzunu olan gənc xalq artisti, görkəmli kinorejissor  Eldar  Quliyevin  tələbəsidir.   Universitetin ən nümunəvi tələbələrindən biri kimi çoxsaylı festivalların və ustad dərslərin iştirakçısı olub. Fiziki məhdudiyyətli olmasına baxmayaraq bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir. O, “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə həyata keçirilən “Bir Günəş Altında” layihəsində, məşhur kino rejissoru, ssenaristi və aktyoru Nikita Mixalkovun, Kaliforniya Universitetinin əməkdaşı, sənədli film üzrə rejissor Liza Limanın, amerikalı bədii film rejissoru Lanre Olabisinin ustad dərslərində iştirak edib. Ən yaxşı ssenari, sənədli film, müəllif işi, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində “İlin rejissoru” və “Ən yaxşı film” nominasiyaları üzrə mükafatlara layiq görülüb, müxtəlif diplom və sertifikatlarla təltif olunub.

2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan gənc “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb. Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da iştirak edib və birinci dərəcəli laureat seçilib.

- Mən qürur duyuram ki,  cənab Prezident məni Gənclər üçün Prezident mükafatına layiq görub. Mənə olan inamı doğruldacağam. Sevincimin hədd-hüdudu yoxdur. Mükafata layiq olduğumu biləndə çox həyəcanlı idim. Sevincimi ilk olaraq evdə anamla, bacımla və həyat yoldaşımla bölüşdüm. Təltif olunma günü, görəndə ki,  cənab Prezident yaxınlaşıb mənə diplomu təqdim edir, həyəcanım daha da artdı. Mən çox şanslıyam ki, həmin gün cənab Prezidentlə və  Mehriban xanımla görüşdüm. Onlarla fəxr edirəm.

 


 

“Biz gənclərə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”

 

Hüseynxan  Hacızadə, Gələcəyə Körpü” Gənclər Birliyinin icraçı direktoru: - 1994-cü ilin mart ayının 2-də anadan olub.  2012-ci ildə   Gəncə şəhəri 24 nömrəli  tam orta məktəbi bitirib.   Həmin ildə 598 balla (universitet 2-cisi)  Azərbaycan Dövlət Aqrar Universitetinin “Maliyyə”  ixtisasına qəbul olub.  2013-cü ildən gənclərlə iş sahəsində  yerli və beynəlxalq səviyyəli layihələrdə fəaliyyətə başlayıb. 2014-cü ildən etibarən Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı çərçivəsində Ukrayna, Türkiyə, Gürcüstan, Polşa, Xorvatiya, Serbiya, Niderland Krallığı və s. ölkələrdə layihələrdə  Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Avropa Komissiyasının Erasmus+  proqramının EVS (Avropa Könüllülük Xidməti) çərçivəsində “Gələcəyə Körpü” GİB-də EVS koordinator olaraq 2015-ci ildən 15 nəfərdən çox yerli gəncin Avropanın müxtəlif ölkələrində təcrübə keçməsi, o cümlədən könüllülük etməsi və 15 nəfərdən çox əcnəbi gəncin (Almaniya, Türkiyə və Polşadan olan) Gəncə şəhərində yerli gənclər üçün dil dərsləri, şəxsi və peşəkar inkişaf etmələri üçün müxtəlif növ fəaliyyətlər (seminarlar, görüşlər, təqdimatlar və s.) həyata keçirməsini  təmin edib.

2017-ci ilin iyun ayından Azərbaycanda ilk dəfə olaraq Avropa Komissiyasının Erasmus+  proqramının rəsmi Məlumat Mərkəzinin yaradılması və icra olunması təşəbbüsünə qoşulub.  Mərkəzin koordinatoru  olaraq regionlarda yerli gənclərin proqramın imkanlarından yararlanması istiqamətində görüşlər həyata keçirib.  İndiyədək bu istiqamətdə Bakı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində, Samux, Astara, Tovuz, Qazax, Bərdə, Şəmkir və Göygöl rayonlarında gənclərlə maarifləndirici görüşlər təşkil edib. Gənclərin şəxsi və peşəkar inkişafı, ətraf mühit və ekologiya, vətənpərvərlik, təhsil, məşğulluq, Avropada gənclər proqramlarında iştirak və s. mövzularında layihələrdə çalışır.

2016-cı ildə 2 fevral - Gənclər Günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin fəal gənci” nominasiyasına layiq görülüb.  2016-cı ilin oktyabrından “Gələcəyə Körpü” Gənclər Birliyinin icraçı direktoru vəzifəsində çalışır.

-  Gənclər sahəsində ilkin fəaliyyətimə Gəncə şəhərində “Gələcəyə Körpü” GİB-də könüllülük edərək başlamışam.  Həm sağlam ətraf, fərqli və innovativ düşüncəli gənclər, ideyalar, fərqliliklər, əyləncə və həm də ən əsası yeni təcrübələr əldə etmək baxımından bu təşkilat həyatımda misilsiz rol oynayıb. 

Mənə verilən bu mükafat “ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir” deyərdim. Verilən mükafata və göstərdiyi diqqətə görə cənab Prezident İlham Əliyevə həm şəxsən, həm də Birliyimiz adından dərin minnətdarlığımı bildirirəm.

 


 

“Sevincimi heç bir sözlə ifadə edə bilmərəm”

 

Nigar Mirzəmmədova, Naxçıvan MR Şahbuz rayonu A.Hüseynov adına Ağbulaq kənd tam orta  məktəbinin  ingilis  dili  müəllimi:   - 1 may 1996-cı il tarixində Naxçıvan MR  Babək rayonu Babək qəsəbəsində anadan olub. 2013-cü  ildə  Vəli Mahmudov adına orta məktəbi bitirib. Həmin ildə 585 balla Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “İngilis dili müəllimliyi” ixtisasının əyani şöbəsinə qəbul olunub. Universitet illəri ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. 2013-cü il 21 dekabr tarixində Naxçıvan Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan bilik müsabiqəsində iştirak edərək sertifikat əldə edib.  2017-ci ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra  Şahbuz rayonu A.Hüseynov adına Ağbulaq kənd tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə  təyinat alıb.  Hazırda həmin məktəbdə ixtisası üzrə çalışır. 

- Bu gün muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənən, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup şəxs Gənclər üçün Prezident mükafatına layiq görüldü. Təltif edilənlər arasında mənim də adımın olması sevincini heç bir sözlə ifadə edə bilmərəm. Bu, mənim həyatımdakı ən böyük uğur, nailiyyətdir. Əməyimə göstərilən bu qayğı və diqqət, verilən bu dəyər məndə böyük ruh yüksəkliyi yaratdı, məni gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq etdi. Bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün səylə çalışacağam, öz ölkəmə, xalqıma layiqincə xidmət edəcəyəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə əməli işimlə cavab verəcək, fəaliyyət göstərdiyim A.Hüseynov adına Ağbulaq kənd tam orta təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli gəncliyin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.


 

“Bu yüksək etimad gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur”

 

Allahverdi  Şahverənov, AMEA Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru: - 1990-cı il  yanvarın 28-də  Sumqayıt şəhərində anadan olub.  1996-2007-ci illərdə Sumqayıt şəhərində  tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-işi fakültəsinə daxil olub.  2012-ci ilin iyul və avqust aylarında Almaniyanın Heidelberq Universiteti Böyrək Mərkəzinin yay tibb məktəbində təcrübə keçib.  2012-ci ilin  oktyabrında   Almaniyanın Manheim Tətbiqi Elmlər Universitetində biotexnologiya seminarında iştirak edib. 2013-cü ildə ATU-nun  Müalicə işi fakültəsindən məzun olub.  Universiteti  bitirdikdən sonra 2013-cü ilin sentyabrından hökumətlərarası müqavilə çərçivəsində dövlət xətti ilə  Çinin Huazhong Elm və Texnologiya Universitetinin tibb üzrə doktorantura səviyyəsinə daxil olub.  2016-cı ildə dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alıb.  Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir.

- Azərbaycan Respublikasının Prezidenti  möhtərəm İlham Əliyev cənablarına elmi fəaliyyətimə yüksək qiymət verərək məni Gənclər üçün Prezident mükafatına layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə gənc alimlərə göstərilən xüsusi diqqətə və qayğıya görə təşəkkür edirəm.  Hesab edirəm ki,  ölkəmizdə  alimlərə göstərilən bu yüksək etimad  gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur.

 


 

“Yaradıcılıq bioqrafiyam üçün çox qiymətli mükafat”

 

Mustafa Mehmandarov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru: - 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009-2013-cü  illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka aləti üzrə təhsil alıb. Skripkaçı kimi Bolqarıstan, Lüksemburq, İtaliya və Avstriyada keçirilən  bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Dirijorluq üzrə ilk dərslərini, tanınmış dirijor, xalq artisti, professor Rauf Abdullayevdən alıb.   2013-2018-ci  illərdə  Vyana Konservatoriyasında  tanınmış dirijor, professor Maksimilian Çençiçin sinfində  “Opera-simfonik dirijorluğu” fakültəsində təhsil alıb.   “Xəzər virtuozları” orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  dirijorudur. ABŞ, Birləşmiş Krallıq, Avstriya, Almaniya, Fransa, İtaliya və s.  ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun repertuarına Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

- Prezidentin sərəncamı ilə gənclərin yüksək mükafata layiq görülməsi məndə yüksək təəssürat yaradıb.  Əlbəttə ki,  bir gənc olaraq  Prezident mükafatına layiq görüldüyümə görə çox sevindim! Ümumiyyətlə, yaradıcı insanlara verilən qiyməti çox dəyərləndirirəm. Gənclər üçün Prezident mükafatı mənim yaradıcılıq bioqrafiyam üçün çox önəmli və qiymətli mükafat oldu!

 


 

“Azərbaycanımız üçün əlimdən gələni edəcəyəm”

 

Sara Rəcəbli, Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, “One Young World” şirkətinin Azərbaycanda elçisi, sosial sahibkar: - 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Turizm İnstitutunun turizm və otelçilik ixtisasına daxil olub.  2014-2015-ci illərdə DAAD Fondunun təqaüdünü qazanaraq Almaniyanın Yade Universitetində turizmin iqtisadiyyatı üzrə təhsil alıb. 2015-2018-ci illərdə turizm, sosial sahibkarlıq, sosial haqlar, gənclər siyasəti mövzuları üzrə DAAD, Erasmus +,  Avropa Komissiyası, Avropa Şurası, “Yunus & Youth”, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarıstan Respublikası Gənclər və İdman Nazirliyinin təqaüdlərini qazanaraq Azərbaycanı Türkiyə, Rusiya, Mərakeş, İsveç, Polşa, Fransa, Belçika, Niderland Krallığı və s. ölkələrdə  təmsil edib.

2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetini bitirərək “BUTA Art & Sweets” sosial biznesini yaradıb.  Bundan əlavə, “Baku Business Factory”  mərkəzində rezidentlik qazanıb, “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb. “Yunus & Youth”  Sosial Sahibkarlıq Fellowship proqramının ən məsuliyyətli iştirakçısı kimi Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World” zirvəsində iştirak üçün tam təqaüd qazanıb. Müxtəlif görüş və tədbirlərlə xüsusi ehtiyacı olan xanımlar haqqında “əlillik” stereotiplərin sındırılması üzrə çalışıb.

“BUTA Art & Sweets” Azərbaycandan seçilən ilk sosial biznes layihəsi kimi 2018-ci ildə Cenevrədə keçirilən UNCTAD Gənclər Forumunda  iştirak hüququnu qazanaraq  BMT-də Azərbaycanda olan sosial sahibkarlığı təmsil edib.

2018-ci ilin mayında Sosial Biznes Gənclər Mərkəzi yaradıb.  Mərkəzin əsas məqsədi sosial sahibkarlığı gənclər arasında maarifləndirmək, təbliğ etmək və gələcəkdə sosial bizneslərə lazımi dəstək göstərməkdir. 7 ay ərzində 3 ölkədə təmsil olunaraq və 11 təşkilatla əməkdaşlıq quraraq sosial sahibkarlıq mövzusuna aid gənclər üçün təmənnasız tədbirlər həyata keçirib.

- Gənclər üçün Prezident mükafatına layiq görülməyim  haqqında məlumat alanda, çox təəccübləndim. Əslində bu, mənim üçün gözlənilməz oldu.  Bu, mənim həyatımda aldığım ən ali mükafatdır. Mənə göstərilən bu etimada görə cənab Prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanımız üçün əlimdən gələn hər şeyi edəcəyəm. Yüksək mükafat  aldığıma görə mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm.

 

“Azərbaycan müəllimi” qəzeti

1 / 14