12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib 10.10.2018

Oktyabrın 10-da 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında bildirilib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında oktyabrın 11-dən 13-dək  Bakı Ekspo Mərkəzində təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirəcək.   

Mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə, “Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva  və sərginin meneceri Alina Potokina çıxış ediblər.

Mətbuat konfransında qeyd edilib ki, sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın əksər ali təhsil müəssisələrinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim ediləcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və  ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək. Sərgi çərçivəsində iştirakçılarla xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək. Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

 

1 / 14