Birgə Akademik İncəsənət Proqramı üzrə əməkdaşlığın yeni mərhələsi 14.12.2018

Təhsil Nazirliyi, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən Birgə Akademik İncəsənət Proqramının tətbiqi sahəsində əməkdaşlığın yeni mərhələsinə start verilib.

Layihə zamanı  dərslər  Rəssamlıq Akademiyasında (standart akademik tədris program çərcivəsində) və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin maddi-texniki bazasında keçirilir. Bu məqsədlə hər iki qurumda xüsusi hazırlıq işləri aparılıb, SABAH proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil prosesini daha yüksək səviyyədə təşkil etmək üçün şərait yaradılıb. Akademiyada SABAH layihəsinin  tədris auditoriyaları istifadəyə verilib.

Tədris proqramının hazırlanmasında hər iki qurumun mütəxəssisləri iştirak edib. Seçilmiş fənlər üzrə akademiyanın professor-müəllim heyəti tərəfindən müasir tələblərə cavab verən yeni innovativ proqram tərtib edilib. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində fəaliyyət göstərən mütəxəssisləri də beynəlxalq standartlara cavab verən proqram təqdim ediblər.  

Əməkdaşlıq çərçivəsində birgə akademik incəsənət proqramının Azərbaycanda tətbiq olunan incəsənət üzrə kurikuluma inteqrasiya edilməsi, Azərbaycanın milli mədəni irsinin dərindən öyrənilməsi nəzərdə tutulur. Həmçinin Rəssamlıq Akademiyasının  hazırda təklif olunan akademik tədris sisteminə inteqrasiya olunması, elmi-pedaqoji heyətin müvafiq proqramla tanışlığının təmin edilməsi, tələbələrin sənət sahələri üzrə yüksək bilik və bacarıq səviyyəsinə çatdırılması, peşə və ali məktəb səviyyəsində təlimçi-müəllimlərin hazırlanmasına köməklik göstərilməsi planlaşdırılır.

Hazırda bu tədris proqram çərçivəsində 60-a yaxın SABAH tələbəsi təhsilini davam etdirir.  

1 / 14