NİZAMİ layihəsinin Məlumat Günü 12.04.2019

Aprelin 12-də Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində reallaşdırılan NİZAMİ layihəsinin Məlumat günü keçirilib.

Təhsil Nazirliyinin təşkil etdiyi Məlumat Günündə ölkəmizdə doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyası və institutlarının, Fransanın Bakıdakı Səfirliyinin, Monpelye və Strasburq universitetlərinin, Azərbaycan Milli Erasmus+ Ofisinin, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsini, “Azərbaycan ali təhsilində tədqiqat inkişafının və innovasiyaların gücləndirilməsi” texniki yardım layihəsini həyata keçirən ofislərin nümayəndələri iştirak ediblər.

Layihənin məlumat gününün əsas məqsədi üç il yarım ərzində icra olunmuş NİZAMİ layihəsinin qeyd edilən nəticələri barədə ali təhsil ictimaiyyətinə məlumat verməkdən ibarət olub.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev NİZAMİ layihəsinin məqsədləri barədə danışıb və layihə çərçivəsində görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Yaqub Piriyev bildirib ki, doktorantura səviyyəsində koordinasiyanı gücləndirmək, keyfiyyəti və şəffaflığı təmin etmək məqsədi ilə layihə çərçivəsində Avropa təcrübəsi əsasında doktorantura məktəblərinin yaradılması təklif olunur.

Yaqub Piriyevin sözlərinə görə, layihə çərçivəsində hazırlanmış Milli İdarəetmə Portalı doktorantura səviyyəsində məlumatların əlçatanlığı, bu səviyyəyə qəbul prosesinin və təhsilin təşkilinin elektronlaşdırılması istiqamətində əhəmiyyətli töhfə hesab oluna bilər

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  akademiyanın Nizami layihəsinin hədəflərinə və qarşıya qoyulan məsələlərin həllinə xüsusi diqqət yetirdiyini bildirib. AMEA-da “Nizami” layihəsinə dəstək üçün İşçi qrupunun təşkil olunduğunu söyləyən R.Əliquliyev son 3 il ərzində Rəyasət Heyətinin məsul şöbələrinin rəhbərlərinin bu layihədə müntəzəm olaraq iştirak etdiyini deyib. R.Əliquliyev Azərbaycan təhsil sisteminin Avropa dəyərlərinə transformasiyası, onun dünyanın inkişaf tempinə uyğunlaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib, Nizami layihəsinin qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb.

Daha sonra NİZAMİ layihəsinin koordinatoru, Monpelye Universitetinin professoru Veronique Montero “Doktorantura təhsili üzrə Fransa təcrübəsi”, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov “NİZAMİ layihəsi: əldə olunmuş nəticələr və yeni perspektivlər”, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayeva “Milli İdarəetmə Portalı” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə tərəfdaş ali təhsil müəssisələrində Nizami layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” (NİZAMİ) layihəsinin icrasına 15 oktyabr 2015-ci il tarixində başlanılıb və layihənin icra müddəti 14 aprel 2019-cu il tarixində başa çatır.

Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmiləlləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi, doktorantların təhsili müddətində və təhsillərini bitirdikdən sonra iş yerləri ilə təmin olunması mexanizminin Avropa təcrübəsi əsasında işlənməsi, ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir.

Layihənin elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, doktorantura təhsilində mübadilə proqramlarının genişləndirilməsi, bu səviyyə üzrə diplomların qarşılıqlı tanınması və ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi hədəflənib.

1 / 14