Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk medal 12.04.2019

Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək.

36 ölkədən 196 şagirdin iştirak etdiyi elm yarışmasında Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak edirlər.

Azərbaycanı olimpiadada Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil edirlər. Mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər.

Azərbaycan məktəbliləri dördüncü dəfədir  ki, bu yarışmada iştirak edirlər.

İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüb.

1 / 14