Ali təhsil müəssisələrinin akkreditasiyası sahəsində potensialın gücləndirilməsinə dair seminar keçirilmişdir 15.02.2018

12 - 14 Fevral tarixlərində Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən “ali təhsil müəssisələrinin akkreditasiyası sahəsində potensialının gücləndirilməsi” mövzusunda üç günlük seminarı öz işini başa çatdırmışdır. Avropa Birliyinin TAIEX layihəsi çərçivəsində keçirilən ENQA-nın (Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi) ekspertlərinin apardığı seminarda Azərbaycanın ali təhsil müəssisələrindən 60-a yaxın mütəxəssisi iştirak etmişdir.

Seminarda ali təhsil müəssisələrinin akkreditasiyası sahəsində Avropa ölkələrinin təcrübələri dinlənilmiş, birgə müzakirələr aparılmışdır. Norveç, Hollandiya və Litvanın Ali Təhsilin Keyfiyyət Təminatı Mərkəzlərindan olan qonaq ekspertlər yerli iştirakçılarla ali təhsil müəssisələrində strategiya və idarəçiliyin, insan resurslarının, təhsil proqramlarının, təlimin təşkilinin, tədqiqat və infrastrukturun qiymətləndirilməsi sahəsində qabaqcıl təcrübələri bölüşmüş, həmçinin akkreditasiyanın aparılması, komissiyanın fəaliyyətinin təşkilinə dair təqdimatlar etmiş, təcrübələrini bölüşmüşlər. İştirakçılar qiymətləndirmə istiqamətləri üzrə təşkil olunmuş simulyasiyalarda iştirak etmiş, təqdimatlarda qeyd edilənləri müsahibələr formatında tətbiq etmişlər.

Ekspertlər eləcə də, akkreditasiya qiymətləndirməsinin nəticəsi olaraq yekun hesabatın yazılmasına dair tövsiyələrini çatdırmışlar.

İştirakçılar da öz növbəsində keçirilən tədbirin həm dünya təcrübəsinin öyrənilməsi, həm də yerli təcrübənin mübadiləsi baxımından faydalı olduğunu qeyd etmişlər.

Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin təkmilləşdirilməsi və bu yöndə yeni təcrübələrin öyrənilməsi məqsədilə bu kimi tədbirlərin təşkilini davam etdirəcək.

1 / 14